Anar Süleymanov: Revanş döyüşündə qalib gələcəyimə inanıram
Rəqibim türk idmançı Tuncay Güvəndir. Fiziki cəhətdən güclü idmançıdır. Rəqib məndən 10 yaş kiçik, ancaq boyu 10 santimetr uzundur. Amma inanıram ki, bu dəfə onu məğlub edəcəyəm.

Bu sözləri açıqlamasında K-1 döyüşçüsü və qadınlardan ibarət kunq-fu üzrə Azərbaycan millisinin baş məşqçisi Anar Süleymanov deyib.

İdmançı martın 10-da İstanbulda keçiriləcək döyüş haqqında danışarkən deyib: “Görüş Türkiyənin ən nüfuzlu idman qurumlarından biri olan "Sami Akın Fight Club"ın təşkilatçılığı ilə keçiriləcək. Döyüş seriyası hər 3 aydan bir təşkil olunur. Ümumiyyətlə bu təşkilatın turnirlərində döyüşən idmançılar dünyanın ən nüfuzlu kikboksinq qurumu olan "Glory"də də çıxış edirlər. Ona görə də burada iştirak edənlər olduqca ciddi və güclü rəqiblərdir. Həmin idmançılar “One championship", "Bellator" və "Glory"ə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Azərbaycan yarışda 3 idmançı ilə təmsil olunacaq. Pərviz Abdullayev, Zöhrab Əzimov və mən turnirdə gücümüzü sınayacağıq”.

Anar Süleymanov qarşıdakı döyüş haqqında inamlı danışıb. Bildirib ki, bu, revanş döyüşü olacaq. Hazırda qarşılaşacağım rəqiblə ötən il martın 19-da üz-üzə gəlmişəm. Xal hesabı ilə məğlub oldum. Zədələrimin çox olması, digər tərəfdən 4 il rinqdən kənar qalmağım məğlubiyyətə səbəb oldu. Bu rəqib məndən sonra daha 4 döyüşdə iştirak edib və hamısında qalib olub. Bu dəfə qalib gələcəyimə inanıram.

Xəbər 194 dəfə oxundu.