Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində güclərini sınayacaqlar
Yanvarın 27-29-da Misirin paytaxtı Qahirədə Karate1 seriyasından yeni mövsümün ilk Premyer Liqa turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında Misirə 25 nəfərlik heyət yollanıb.

Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəki dərəcələrində bir neçə idmançının çıxış etməsinə üstünlük veriblər. Turnirdə ölkəmizi Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Nuran Rzazadə (hər üçü 67 kq), Fərid Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Asiman Qurbanlı və Osman Osmanlı (hər ikisi 84 kq-dan yuxarı) təmsil edəcəklər. Roman Heydərov kata yarışlarında iştirak edəcək.

Qadınların kumite yığmasının baş məşqçisi Denis Morozov Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq) və İrina Zaretskaya (68 kq) şans verəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsinin görüşlərini idarə edəcək referilər arasında olacaq.

Xəbər 234 dəfə oxundu.