Tərlan Əhmədov: “Kəpəz” azarkeşləri hər zaman uğur tələb edirlər
Fasilədən sonra çempionatdakı ilk matçın ağır keçəcəyini bilirdim. Dörd əsas futbolçumuz yox idi. Bu, bizim üçün problem idi. İkinci yarıda komanda hesabı qorumağa çalışdı, amma tapşırıq tamam başqa idi. Səhvlərin hesabına öndə olduğumuz oyunu əldən verdik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəticəni ədalətli hesab edirəm.

Bu sözləri Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ” klubunu qəbul edən “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Əlli iki yaşlı mütəxəssis bildirib ki, çempionatda 6-7-ci yer uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Yeni komandadan çox şey tələb etmək olmur. Cavan oyunçularımız var. Komandada həyəcan hiss edilir. “Qəbələ” ilə oyunda bu problemi yaşadıq. Komanda daha əvvəlki görüşlərdə vacib xallar itirməsəydi, başqa pillədə ola bilərdik. “Kəpəz” azarkeşləri hər zaman uğur tələb edirlər. Transfer etmək istəsək də, büdcəmiz buna uyğun deyil. Düşünürəm ki, bu məsələ artıq bağlanıb.

Xorvatiyalı qapıçı Mario Mustapiçin çıxışı haqqında danışarkən baş məşqçi deyib: “O, Antalyadakı toplanışda özünü yüksək səviyyədə göstərdi. Orxan Sadıqlı ağır xəstəlik keçirdiyi üçün hazırlıq prosesinə qatılmamışdı. Buna görə öz formasından uzaqdır. Xəstəlikdən sonra əvəzedici heyətlə məşq edib. Orxanın oyun praktikası hazırda azdır”.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər 171 dəfə oxundu.