Qaret Beyl peşəkar qolf turnirində gücünü sınayacaq
Uels millisinin sabiq futbolçusu Qaret Beyl peşəkar qolf turnirində çıxış edəcək.

Futbolçu fevralın əvvəlində keçiriləcək “AT&T Pebble Beach Pro-Am” turnirində gücünü sınayacaq.

Kaliforniyada təşkil olunacaq turnirdə 156 peşəkar və eyni sayda həvəskar idmançı iştirak edəcək. Turnirin iştirakçıları arasında məşhur aktyorlar Bill Mürrey, Ceyson Beytman, həmçinin 2022-ci ilin yayında ABŞ açıq çempionatının qalibi olmuş qolfçu Mett Fitspatrik da yer alacaqlar.

Mükafat fondu 9 milyon ABŞ dolları təşkil edəcək yarış Q.Beylin karyerasında ilk peşəkar qolf turniri olacaq.

Qeyd edək ki, Q.Beyl yanvarın 9-da futbolçu karyerasını başa vurduğunu açıqlamışdı. Futbolçu 5 dəfə Çempionlar Liqasının, 4 dəfə klublararası dünya çempionatının, 3 dəfə La Liqanın, 2 dəfə Avropa və İspaniya Super kuboklarının və 1 dəfə İspaniya kubokunun qalibi olub.

Xəbər 192 dəfə oxundu.