Bu günədək Olimpiadada qızıl medal qazanmayan Malayziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır
Yanvarın 19-da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.

Qonağı salamlayan Azər Əliyev bildirib ki, Azərbaycanın xüsusilə fərqləndiyi, Olimpiya medalları qazandığı idman növləri var. Malayziya isə badminton, velosiped və sair bu kimi idman növlərində güclü idmançılar yetişdirir. Onun sözlərinə görə, tərəflər bu idman növləri üzrə mütəxəssislərin yetişdirilməsi və idmançıların təlimi məqsədilə qarşılıqlı əməkdaşlıq edə bilərlər.

MOK-un Baş katibi Azər Əliyev onu da qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev ölkədə idmanın inkişafına şəxsən böyük diqqət ayırır: “Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idman növlərinə və bədən tərbiyəsinə diqqət və qayğı göstərir. Məhz bu səbəbdən idmançılarımız beynəlxalq yarışlarda uğur qazanırlar”.

Səmimi görüşə görə minnətdarlıq edən Malayziya Olimpiya Şurasının prezidenti qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlərlə bağlı təklifi yüksək qiymətləndirib. Məhəmməd Norza Zəkəriyyə bildirib ki, bu günədək Olimpiadada qızıl medal qazanmayan Malayziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır.

Görüşdə Azərbaycan və Malayziya Olimpiya komitələri arasında əməkdaşlıq haqqında sənəd imzalanmasına dair də fikir mübadiləsi aparılıb.

Sonda hər iki Milli Olimpiya komitələrinin xüsusi hədiyyələri təqdim olunub.

Xəbər 220 dəfə oxundu.