“Utusan Malaysia”: Azərbaycanın idman sahəsindəki uğurları göz qamaşdırır
Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzetində Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan və bu istiqamətdə qazandığı beynəlxalq təcrübədən bəhs edən geniş məqalə dərc olunub.

Qəzetin əməkdaşı Taqib Şakerin qələmə aldığı məqalədə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirakı ilə keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdən bəhs edilərək, Azərbaycanda idmana geniş dövlət qayğısının olduğu vurğulanıb. Müəllif Azərbaycan Prezidentinin mərasimdəki çıxışına istinad edərək, ölkə idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi qələbələrin Azərbaycanı idman ölkəsi kimi təsdiqlədiyini qeyd edib, son illərdə aparılan siyasətin bu gün öz gözəl nəticələr verdiyini nəzərə çatdırıb.

T.Şaker Azərbaycanda idmanın inkişafına şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət ayırdığını bildirərək qeyd edir:-“İdman növlərinə və bədən tərbiyəsinə dövlət tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı ölkə idmançılarının beynəlxalq yarışlarda uğur qazanmasına şərait yaradıb”.

Müəllif Azərbaycanda idmanın tarixi inkişafına nəzər salaraq, qədim dövrlərə aid mənbələri sadalayıb. O, Qobustan qayaüstü abidələrini qeyd edərək, hələ min illər əvvəl Azərbaycanda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazıların, rəqslərin mövcud olduğunu, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz əsərlərində Azərbaycanın qəhrəman övladlarının şücaətini, pəhləvanlarının qüdrətini göstərən bədii təsvirlərin yer aldığını yazıb. Bununla yanaşı, müəllif Azərbaycanın idman sahəsindəki uğurlarında mütərəqqi təhsil metodologiyasının müstəsna rol oynadığını qeyd edərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından söz açıb, bu təhsil müəssisəsinin tarixi inkişafı və beynəlxalq dərəcəli Azərbaycan idmançılarının ərsəyə gəlməsinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib.

T.Şaker Azərbaycanda milli Olimpiya hərəkatının inkişafı barədə də oxucularını məlumatlandırıb. Azərbaycanın müstəqil dövlət kimi 1992-ci ildən Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğunu, qısa vaxt kəsiyində bu hərəkatın nümunəvi təmsilçilərindən birinə çevrildiyini, ötən müddətdə Azərbaycan idmançılarının olimpiadalarda böyük uğurlar qazandığını vurğulayıb. Məqalədə, həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarından da bəhs edilib.

Xəbər 162 dəfə oxundu.