Qadın boksçulardan ibarət yığmamız beynəlxalq turnirlərə hazırlığı Bakı Boks Mərkəzində keçir
Qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə təşkil olunan məşqlərə liderlər cəlb edilib. Yanvarın 14-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.

Komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayan Y.Məmmədovun sözlərinə görə, qarşıdakı beynəlxalq turnirlərdəki nəticələrə əsasən yığmanın yekun heyəti formalaşacaq: “Yanvarın 17-də Serbiyada dörd yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir. Məktəblilər istisna olmaqla, hər yaş qrupundan çıxış edəcəyik. Yeniyetmələr, gənclər və böyüklərin mübarizəsində boksçularımızı yoxlayacağıq. Bu, bizim üçün çox vacibdir”.

Baş məşqçi bildirib ki, bu il qadın boksçularımızı çox ciddi yarışlar gözləyir. O, əsas hədəfin Hindistanda keçiriləcək dünya çempionatı, Bakıda keçiriləcək U-22-lərin Avropa çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər olduğunu deyib: “Toplanışa 24 boksçu cəlb etmişik. Onların arasında Avropa çempionatlarının beş mükafatçısı – qızıl, gümüş və bürünc medalçıları da hazırlıq keçir. Olimpiya Oyunlarına vaxtın az qalması və U-22-lər arasında qitə çempionatının paytaxtımızda keçirilməsi məsuliyyətimizi daha da artırır. Qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik. Məqsədimiz iştirak edəcəyimiz yarışlardan ölkəmizə medallarla qayıtmaqdır”.

Qeyd edək ki, yığmamız Serbiyada beynəlxalq turnirdə 12 boksçu ilə təmsil olunacaq. Səfərə yollanacaq yığmanın heyəti toplanışın son günündə açıqlanacaq.

Xəbər 254 dəfə oxundu.