Azərbaycan Velosiped Federasiyası 2022-ci ilə yekun vurub
Azərbaycan Velosiped Federasiyasında (AVF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə AVF-in prezidenti Mədət Quliyev, baş katib Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov, Nadim Babayev və Elşən Həsənov, idman direktoru Viktor Osadçiy, milli yığma komandanın məşqçi və idmançı heyəti, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

M.Quliyev çıxış edərək federasiyanın kollektivini, bütün idmançı və məşqçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

O, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib. AVF prezidenti vurğulayıb ki, məhz bunun nəticəsində bu gün idmançılarımız beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edirlər.

M.Quliyev qeyd edib ki, AVF də idmanın inkişafına öz töhfəsini verir. Velosipedçilərimiz beynəlxalq yarışlarda uğurla çıxış edir, ölkəmizdə bu idman növü üzrə mötəbər beynəlxalq yarışlar və tədbirlər müvəffəqiyyətlə təşkil olunur.

AVF prezidenti 2022-ci il ərzində aparılan uğurlu işlərə, əldə olunan nəticələrə görə federasiyanın kollektivini, idmançı və məşqçi heyətini təbrik edib, onlara və bütün Azərbaycan idmançılarına 2023-cü ildə yeni-yeni uğurlar arzulayıb.

Daha sonra AVF-nin İcraiyyə Komitəsinin qərarı ilə 2022-ci il ərzində fərqlənən idmançı və məşqçilər təltif olunublar. Əvvəlcə Azərbaycan milli komandasının üzvləri mükafatlandırılıblar.

İlin ən yaxşı idmançıları Ayan Xankişiyeva və Musa Mikayılzadə, intizamlı idmançıları Ömər Musayev və Radha Şabanova, əzmkar velosipedçiləri isə Tural İsrafilov və Viktoriya Sidorenko seçiliblər. İdmançılara qiymətli hədiyyələr təqdim olunub.

Azərbaycanın elit-U23 yığma komandasının üzvləri Ayan Xankişiyeva və Musa Mikayılzadəyə Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr əldə etdiklərinə görə Təşkilat Komitəsi tərəfindən göndərilən plaketlər, Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak etmiş milli komandamızın üzvlərinə isə yarışların iştirakçı sertifikatları təqdim olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Xəbər 269 dəfə oxundu.