Anar Allahverdiyev: Karateçilərimiz dünya reytinqində ilk sıralarda qərarlaşıblar
Başa çatmaqda olan ildə gənc karateçilərimiz uğurla çıxış edərək böyük nailiyyətlər qazanıblar. Bununla da yeniyetmə və gənclərdən ibarət yığma komanda üzvləri ilin yekun nəticələrinə görə dünya reytinqində mövqelərini xeyli yaxşılaşdırıblar.

Bu sözləri açıqlamasında yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev bildirib. O qeyd edib ki, ikiqat Avropa çempionu və bu il dünya çempionatının qalibi olmuş Əminağa Quliyev 18-20 yaşlı gənclər arasında 60 kiloqram çəki dərəcəsində 2595 xalla liderdir. O, eyni zamanda böyüklər arasında keçirilən Premyer Liqa yarışlarında öz çəkisində 1800 xalla birinciliyini qoruyub saxlayır (Premyer Liqa yarışları hələ ki davam edir). Bu il dünya çempionatında qızıl medal qazanan Avropa çempionu Fərid Savadov (55 kq) 16-17 yaşlı gənclər arasında öz çəki dərəcəsində 2765 xalla birinci pillədə yer alıb. 2022-ci ilin dünya çempionatında bürünc mükafata sahib olan Avropa çempionu Rəşid Süleymanov isə 16-17 yaşlı gənclər arasında 68 kiloqram çəki dərəcəsində 2275 xalla ikinci yerdədir.

A.Allahverdiyev gənclərdən ibarət yığma komandanın digər üzvlərinin ilk onluqda yer aldıqlarını da diqqətə çatdırıb: “Hazırda karate dünyada çox populyardır və bu idman növü üzrə rəqabət xeyli artıb. İdmançılarımızdan ilk onluqda yer alanlar da güclü potensiala malikdirlər. Onlardan Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Hüseyn Məmmədli (67 kq, 1275 xal), Vahid Həsənov (+76 kq, 1770 xal) 18-20 yaşlı gənclər arasında 4-cü yerdə qərarlaşıblar. Avropa çempionu Osman Osmanlı (+84 kq) 18-20 yaşlı gənclər arasında 900 xalla 6-cı yeri tutur. 2022-ci ilin Seriya A yarışının bürünc mükafatçısı Nuran Rzazadə (67 kq) 18-20 yaşlı gənclər arasında 1020 xalla, Rahib Əzim (+70 kq) yeniyetmələrdə 1490 xalla 7-ci yerdə qərarlaşıblar. Dünya çempionatının bürünc mükafatçısı Hüseyn Hüseynzadə (84 kq) isə 18-20 yaşlı gənclər arasında 915 xalla 8-ci yerdə qərarlaşıb”.

Xəbər 299 dəfə oxundu.