Rauf Məmmədov: “Vugar Gashimov Memorial-2022” maraqlı idman mübarizəsi vəd edir
“Vugar Gashimov Memorialı”nın 2022-ci ildə də keçirilməsi çox sevindirici haldır. Səkkizinci dəfə təşkil olunacaq superturnirdə də titullu və tanınmış şahmatçılar mübarizə aparacaqlar. Rəqiblərimə ciddi yanaşır, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidən deyə bilərəm.

Bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək üçqat Avropa çempionu, “Vüqar Həşimov” komandasının heyətində Avropa kuboku yarışında bürünc medal qazanan Rauf Məmmədov deyib.

Qrosmeyster Vüqar Həşimovun Azərbaycan şahmat tarixində əvəzsiz xidmətlərindən danışarkən deyib: “Həm memorialda, həm də “Vüqar Həşimov” klubunun heyətində çıxış edərkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub”.

Cari turnirdə əsasən gənc şahmatçıların çıxış edəcəyini deyən Rauf Məmmədov bildirib ki, heyətdə dünya, Avropa çempionatlarının və Olimpiadanın qalibləri yer alıb. Yarış mürəkkəb olacaq və şansımı normal qiymətləndirirəm. Ümumilikdə, dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layiqincə çıxış edir və mükafatçılar sırasında yer alırlar.

Qeyd edək ki, turnir dekabrın 17-dən 24-dək Bakıda 10 şahmatçının iştirakı ilə keçiriləcək.

Xəbər 196 dəfə oxundu.