Tennisçilərimiz reytinq xallarını yüksəldiblər
Bakı Tennis Akademiyasında 18 yaşadək idmançılar arasında beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsi yekunlaşıb.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və 67 idmançının yarışdığı turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva təmsil ediblər. Tennisçilərimizdən xüsusilə də Tamerlan Əzizovun əzmkar çıxışı diqqətdən yayınmayıb. Turnir, eyni zamanda, reytinq xarakteri daşıyıb. Burada qələbə qazanan idmançılarımız reytinq xallarını daha da yüksəldiblər.

Yarışda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak ediblər.

Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Xəbər 245 dəfə oxundu.