Birgə yarışlar: Bədii gimnastlar və akrobatlar xalça üzərinə çıxır
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar davam edir.

Şəkidə keçirilən birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq.

Yarışların ikinci günündə yeniyetmə bədii gimnastlar halqa, top və gürzlərlə, yeniyetmə və böyük akrobatlar qadın qrupu, kişi cütlüyü, qadın cütlüyü və qarışıq cütlük kateqoriyalarında mübarizə aparırlar.

İndiyədək ölkəmizin müxtəlif bölgələrində gimnastika növləri üzrə yarışları təşkil edən AGF ötən illərdən fərqli olaraq birgə yarışları ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edir.

Bu gün yarışların açılış mərasimi olacaq. Tədbirdə tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim ediləcək.

Birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

Xəbər 235 dəfə oxundu.