“Sumqayıt” klubu 197 gündən sonra qələbə qazanıb
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə ilk qələbəsini qazanıb. “Gənclik şəhəri” təmsilçisi XVI turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə üstün olublar.

Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.

Xəbər 182 dəfə oxundu.