İngiltərə millisi dörddəbir finalda Fransaya rəqib olub
İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

çempionatın pley-off mərhələsi çərçivəsində İngiltərə millisi “Əl Beyt” stadionunda Seneqal yığması ilə üz-üzə gəlib.

Salvadorlu baş hakim İvan Bartonun idarə etdiyi oyunda hesab 39-cu dəqiqədə açılıb. Cordan Henderson İngiltərə millisini hesabda önə keçirib. Matçın 45+3-cü dəqiqəsində Harri Keyn baxımlı qola imza ataraq hesab arasındakı fərqi artırıb. İngiltərə seçməsi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 57-ci dəqiqəsində ingiltərəli futbolçu Bukayo Saka üçüncü topu Seneqal millisinin qapısından keçirib. Bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, İngiltərə millisi Seneqal yığmasına 3:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Dörddəbir final mərhələsində İngiltərə millisi Fransa seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

Xəbər 172 dəfə oxundu.