Natiq Bağırov: Cüdoçularımız yeni qaydaları yaxşı mənimsəyiblər
Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında yeni qaydalar tətbiq edilib. Yarışın gedişi və qarşılaşmalar göstərir ki, cüdoçularımız yeni qaydaları yaxşı mənimsəyiblər.

Bu sözləri müsahibəsində Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov deyib.

Qeyd edib ki, bu yaxınlarda Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib və tədbirdə Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, cüdo texnikaları, onların təhlükəsiz tətbiqi ilə bağlı məlumat verilib. Təlimdə yeni qaydalar əyani şəkildə tatami üzərində də göstərilib.

N.Bağırov ölkədaxili yarışların ən önəmlisinin Azərbaycan çempionatı olduğunu, turnirin nəticəsinə görə, mükafatçıların yığma komandaya cəlb ediləcəyini bildirib: “Yekun nəticəyə görə, ən güclü cüdoçular millinin heyətinə cəlb olunacaq və ölkəmizi beynəlxalq arenalarda keçiriləcək yarışlarda təmsil edəcəklər. Çempionatda, ümumilikdə 400-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparır.

Yarışda təhlükəsizlik məsələləri, istərsə hakimlik, yaxud digər məsələlərin həllinə yüksək səviyyədə nail olmuşuq. İdmançıların öz potensiallarını göstərməsi üçün hər bir şərait yaradılıb”.

Xəbər 245 dəfə oxundu.