Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib
Bu gün “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib.

Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb. Federasiya rəsmisi bu cür yarışların stolüstü tennisin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəblərinin tennisçiləri mübarizə aparırlar.

Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd kütləviliyi artırmaq və inkişaf etdirməklə yanaşı, stolüstü tennisçilərin idman ustalığını yüksəltməkdir.

Xəbər 328 dəfə oxundu.