Futbol üzrə dünya çempionatının kuboku harada hazırlanır?
Milli komandalar səviyyəsində ən böyük turnir olan futbol üzrə dünya çempionatını qazanan komandaya mükafatlandırma mərasimində verilən simvolik kubok və onun surətləri İtaliyada hazırlanır. İkinci Dünya müharibəsi dövrü istisna olmaqla, 1930-cu ildən etibarən FIFA tərəfindən hər 4 ildən bir təşkil edilən futbol üzrə dünya çempionatının 22-cisi bu il Qətərin ev sahibliyi ilə keçirilir.

İndiyədək təşkil olunan 21 çempionatda iki fərqli dizayna malik kubok istifadə edilib. 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında qalib komandaya fransalı heykəltəraş Abel Lafleur tərəfindən hazırlanmış və qədim zəfər ilahəsi Nikenin təsviri olan kubok verilib. Bu dizayndakı kubok təxminən 40 il istifadə olunub. Əvvəllər “Qələbə” kuboku kimi tanınan və daha sonra isə FIFA-nın sabiq prezidenti Jül Rimenin adını daşıyan bu kubok 1970-ci ildə Meksikada keçirilən və Braziliyanın 3-cü dəfə çempion olduğu dövrdə “üçqat çempion olan komanda kuboku almaq hüququna malikdir” qaydasına əsasən Cənubi Amerika ölkəsinin muzeyinə verilib.

1970-ci ildəki çempionatdan sonra FIFA yeni dizaynda kuboku müəyyən etmək üçün beynəlxalq müsabiqə keçirib və 53 dizayna malik model müsabiqədə iştirak edib. İtaliyanın “GDE Bertoni” şirkətinin art-direktoru, italyan heykəltəraş Silvio Qazzaniqanın orijinal dizaynı müsabiqənin qalibi olub. S.Qazzaniqanın əllərini havaya qaldıran iki zəfər mələyinin tutduğu Yer planetinin təsviri olan dizaynı hazırda da çempionatın baş mükafatı olmaqda davam edir. Həmin kubok ilk dəfə 1973-cü ildə nümayiş olunub, 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi çempionatda təqdim edilib.

Bu unikal dizaynlı kubok son 50 ildə İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Dugnanodakı müəssisələrdə istehsal olunur. Kubokun hündürlüyü 38 santimetr, çəkisi 6,2 kiloqramdır və 18 karatlıq qızıldan hazırlanır.

Kubok 1974-cü ildə təqdim edilən və FIFA-da qalan yeganə orijinal əsərdir. Orijinal kubok final matçının sonunda keçirilən mərasimdə qalib komandaya təqdim olunur, sonra kubokun altına qalib komandanın adının yazılması üçün “GDE Bertoni” şirkətinə, sonda isə FIFA-ya göndərilir. Qalib komanda orijinal qızıl kuboku deyil, adı həkk olunmuş qızıl-latun ərintisindən hazırlanan nüsxəsini alır.

“GDE Bertoni” şirkəti hazırda 2026-cı ildə təqdim olunacaq dünya kubokunun nüsxəsini hazırlayır. Bu il təqdim olunacaq kubok isə artıq Qətərə göndərilib.

S.Qazzaniqa tərəfindən hazırlanmış kubok 1974-cü ildə Qərbi Almaniya, 1978-ci ildə Argentina, 1982-ci ildə İtaliya, 1986-cı ildə Argentina, 1990-cı ildə Almaniya, 1999-cu ildə Braziliya, 2002-ci ildə Braziliya, 2006-cı ildə İtaliya, 2010-cu ildə İspaniya, 2014-cü ildə Almaniya və 2018-ci ildə Fransa komandalarına təqdim olunub.

Xəbər 220 dəfə oxundu.