“Qətər-2022”: Uruqvay – Koreya Respublikası matçında qalib müəyyənləşməyib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının H qrupunda ilk matç oynanılıb.

Paytaxt Dohadakı “Education City” stadionunda Uruqvay və Koreya Respublikası milli komandaları üz-üzə gəliblər. Fransalı baş hakim Kleman Tyurpenin idarə etdiyi matçda qalib müəyyənləşməyib – 0:0.

Qrupun digər oyunu – Portuqaliya və Qana yığmaları arasında keçiriləcək matç bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 186 dəfə oxundu.