Futbol üzrə dünya çempionatı: Mərakeş - Xorvatiya oyunu bərabərliklə yekunlaşıb
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.

Günün ilk oyunu F qrupunda Xorvatiya millisi ilə Mərakeş yığması arasında keçirilib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

E qrupunda isə Almaniya seçməsi Yaponiya, İspaniya kollektivi isə Kosta-Rika ilə qarşılaşacaq. Almaniya – Yaponiya matçı saat 17:00-da, İspaniya – Kosta-Rika qarşılaşması isə saat 20:00-da başlayacaq.

Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə qalib məlum olunacaq.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 171 dəfə oxundu.