Güllüzar Şərifova: Böyük uğura imza atmaq üçün üzərimdə daha çox çalışmalıyam
Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirdə halqa ilə hərəkətlərdə qızıl, alətsiz gümüş, bütün hərəkətlərin cəmində isə bürünc medala sahib oldum. Düşünürəm ki, bu, gözəl nəticədir.

Bunu müsahibəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan bədii gimnastımız Güllüzar Şərifova bildirib.

O qeyd edib ki, daha yaxşı nəticə qazana bilər: “Turnirə hazırlıq yüksək səviyyədə idi. Sevinirəm ki, uğurla çıxış etdim. Bəzən medal qazanmayanda pis oluram. Çünki bunun üçün çox çalışıram. Amma medal qazanmayanda ruhdan düşmürəm. Çünki böyük uğura imza atmaq üçün üzərimdə daha çox çalışmalıyam”.

Güllüzar Şərifova Ocaq kuboku yarışına hazırlıq barədə də məlumat verib: “Turnirdə halqa ilə çıxış edəcəyəm. Əsas hədəf qızıl medaldır. Bu arzuya çatmaq üçün üzərimdə dayanmadan çalışıram”.

Xatırladaq ki, Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirdə gimnastlarımız ümumilikdə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar.

Xəbər 258 dəfə oxundu.