Kürdəmir və Şirvan gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edir
Noyabrın 14-də Kürdəmir və Şirvan Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün paytaxtımıza səfər edib.

Noyabrın 19-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 14 idmançı iştirak edir.

Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Şirvan Olimpiya İdman Kompleksində 2015-ci, Kürdəmir Olimpiya İdman Kompleksində isə 2016-cı ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Xatırladaq ki, son ay ərzində Mingəçevir, Masallı və Gəncənin bədii gimnastika üzrə komandaları Milli Gimnastika Arenasının qonağı olublar.

Xəbər 187 dəfə oxundu.