Qılıncoynadanlarımız Əlcəzairdə keçirilən dünya kuboku yarışında çıxışlarını başa vurublar
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Əlcəzairdə keçirilən dünya kuboku yarışında çıxışını başa vurub.

Səbinə Kərimova, Anna Başta, Valeriya Bolşakova və Palina Kaspiaroviçdən ibarət kollektiv qadın sablyaçıların komanda yarışında ilk görüşdə Polşa seçməsinə 45:43 hesabı ilə qalib gəlib. Komandamız növbəti görüşdə turnirin qalibi olan Fransa yığmasına 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda uğrunda mübarizə aparıb.

Yaponiya sablyaçılarına 45:42 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ardınca Macarıstan seçməsinə 45:40 hesabı ilə məğlub edərək 24 komanda arasında 5-ci olublar.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimova təsnifat mərhələsini uğurla adlayaraq ən güclü 64-lüyə yüksəlməyi bacarıblar.

Anna Başta isə reytinqi yüksək olduğundan mübarizəyə birbaşa final mərhələsindən başlayıb.

Təmsilçilərimizdən heç biri 32-liyə yüksələ bilməyib.

Anna Başta britaniyalı Kaitlin Maksvellə (13:15), Səbinə Kərimova yapon Seri Ozaki (14:15), Valeriya Bolşakova fransalı Sara Balzara (8:15), Palina Kaspiaroviç isə italyan Martina Kriskioya (9:15) məğlub olub.

Xəbər 276 dəfə oxundu.