2023 Formula 1 Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verilib
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 2023-ci il aprelin 28-30-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verib.

Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla keçirilməsində birbaşa töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər.

Proqrama cəlb olunmuş marşallar 2023 Formula 1 Azərbaycan Qran-Prisinin əvəzolunmaz bir hissəsi olacaq, eyni zamanda, Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.

Məlum olduğu kimi, dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığı və keçirilməsində marşallar böyük rol oynayır. F1 aləmində marşallara, həmçinin “Yarış rəsmiləri” də deyilir. Onların fəaliyyəti F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət kəsb edir.

Formula 1 Azərbaycan Qran-Pri yarışlarında marşal fəaliyyətini uğurla başa çatdırmış hər kəsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Marşal proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi feysbuk səhifəsindən əldə edə bilərsiniz: https://www.facebook.com/BakuMarshalsClub/

Həmçinin klubun feysbuk səhifəsinə yazaraq marşal fəaliyyəti barədə bütün suallara cavab tapmaq mümkündür.

Xəbər 256 dəfə oxundu.