Nəsimi rayonunda ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH başçısı aparatının məsul əməkdaşları, Azərbaycan Tibb Uiversitetinin prorektorları Sabir Əliyev, Zülfüqar Musabəyov, Tağı Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, idman klublarının rəhbərləri və tələbələr iştirak ediblər.

Əvvəlcə qonaqlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən şəhidlərin banerinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər.

Sonra olimpiya himninin sədaları altında komandalar zala daxil olublar. Komandalar yerlərini tutduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov mərasim iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün fəxrlə deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq.

Sonra yarışa start verilib.

Turnirin yekun nəticələrinə görə Azərbaycan Tibb Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dillər Universitetinin və Azərbaycan Texniki Universitetinin komandaları isə ikinci və üçüncü yerlərə sahib olublar.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar. Eyni zamanda, turnirdə iştirak edən bütün ali təhsil müəssisələrinə təşəkkürnamələr təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aydan İlxaszadənin ifasında mahnılar təqdim edilib.

Xəbər 319 dəfə oxundu.