"Unutma, yaşat" II minifutbol turnirinə yekun vurulub
8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Unutma, yaşat" II minifutbol turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirdə 18 komanda iştirak edib.

Üçüncü yer uğrunda görüşdə AFFA komandası Xətai rayon Gənclər və İdman İdarəsinə 5:0 hesabı ilə qalib gəlib.

Final qarşılaşmasından öncə əlil futbolçular arasında yoldaşlıq görüşü təşkil olunub. Sonra isə brek-dans, gimnastika idman növü üzrə nümunəvi çıxışlar olub.

Azərbaycan Güləş Federasiyası ilə Azərbaycan Taekvondo Federasiyasının komandaları arasında gərgin mübarizə şəraitində keçən final oyununda əsas vaxt heç-heçə başa çatıb - 2:2. Penaltilər seriyasında daha dəqiq olan güləşçilər turnirin qalibi olublar.

Turnirin ən yaxşı oyunçusu Hacı Əliyev (Azərbaycan Güləş Federasiyası), ən yaxşı bombardiri Əli Axundov (Azərbaycan Taekvondo Federasiyası), ən yaxşı qapıçısı isə Tural Nəcəfov (AFFA) seçiliblər.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

Xəbər 258 dəfə oxundu.