Erik Olanovski: Bakıda güləş üzrə dünya kuboku yarışının təşkilatçılıq işləri yüksək səviyyədə görülüb
Noyabrın 5-də Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə dünya kuboku yarışı start götürəcək. Bununla bağlı yarışın keçiriləcəyi məkanda mətbuat konfransı təşkil olunub. Tədbirdə Dünya Güləş Birliyinin (UWW) mətbuat katibi Erik Olanovski, Azərbaycan yığmasının üzvləri, dünya çempionları Eldəniz Əzizli və Rafiq Hüseynov, türkiyəli dünya çempionu Burhan Akbudak və litvalı dünya mükafatçısı Mantas Knistautas iştirak ediblər.

əvvəlcə çıxış edən E.Olanovski təşkilatçılıq işlərinin yüksək səviyyədə görüldüyünü və hər bir detalın nəzərə alındığını bildirib.

M.Knistautas çıxışında dünya yığmasının heyətində yer aldığı üçün qürur duyduğunu və ölkəsini layiqincə təmsil etməyə çalışacağını deyib.

B.Akbudak nitqində Bakıda evdə güləşirlərmiş kimi özlərini hiss etdiklərini və Azərbaycanla finalda qarşılaşmaq istədiklərini dilə gətirib.

R.Hüseynov Serbiya millisinin turnirdə iştirak etməməsinin onların motivasiyasına heç bir təsir göstərmədiyini, məqsədlərinin 2015-ci ildə olduğu kimi, dünya kubokuna sahib çıxmaq olduğunu söyləyib. Təcrübəli pəhləvan azarkeşləri şou gözlədiyini də bildirib.

E.Əzizli bu yarışda əsas rəqibinin gürcüstanlı Nuqzari Tsurtsumia olduğunu, komanda şəklində bu il uğurlu çıxış etdiklərini və dünya kuboku yarışında da uğurun davamını gətirmək istədiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 5-də qrup görüşləri keçiriləcək. Saat 10:00-da Türkiyə - İran qarşılaşması ilə yarışa start veriləcək. Saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Saat 17:00-dan etibarən sıra ilə İran – Qırğızıstan, Azərbaycan – Dünya yığması və Türkiyə - Qırğızıstan görüşləri baş tutacaq. Bürünc medal uğrunda qarşılaşma və final noyabrın 6-da keçiriləcək. Üçüncü yer uğrunda görüş 17:00-da başlayacaq. Bundan sonra isə final start götürəcək.

Xəbər 338 dəfə oxundu.