Masallı və Gəncədən olan bədii gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər
Gəncənin “Olimpiya” klubu və Masallı Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya gəliblər.

Noyabrın 5-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 10 idmançı iştirak edir.

Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəkidə keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Gəncənin “Olimpiya” klubunda 2021-ci ildən, Masallı Olimpiya İdman Kompleksində isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastların paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, ötən həftə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə komandası Milli Gimnastika Arenasının qonağı olub.

Xəbər 202 dəfə oxundu.