Azərbaycan yığmasının futzalçısı: İşimiz çətin olacaq, amma şansımız var
Oyuna yaxşı başlamışdıq. Nəzarət bizdə idi, topla daha çox oynayan tərəf də bizim futzalçılar idi. Amma cərimələri çox etdik və nəticədə birinci hissədə rəqibin 10 metrlik zərbə vurmasına şərait yaratdıq. Onlar da dəqiq oynadılar. Bu qoldan sonra bir qədər çaşqınlıq yaşadıq, oyun keyfiyyəti aşağı düşdü.

Bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bosniya və Hersoqovinida İsveçin “Orebro” klubu ilə qarşılaşan “Araz-Naxçıvan” komandasının hücumçusu Vitao oyundan sonra deyib.

Futzalçı qeyd edib ki, fasilədən sonra da səhvlərdən qaça bilmədik. Bizim də fərqlənmək üçün şanslarımız az olmadı, təəssüf ki, realizə edə bilmədik. Futzalın da öz qanunları var: yaratdığın imkandan istifadə etməlisən, yoxsa, sənin torunu silkələyəcəklər.

“Düzdür, işimiz çətin olacaq amma şansımız davam edir. Qarşıdakı hər iki oyunda qələbə qazansaq, qrup lideri olmaq imkanımız yaranacaq. Bunun üçün həm də “Orebro”nun büdrəməsi lazımdır. Hər iki oyunda qələbə qazanmaq üçün gücümüz və potensialımız var. Çətin olacaq, amma sona qədər mübarizə aparacağıq”, - deyə Vitao əlavə edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Orebro” oyunu rəqib komandanın 5:2 hesablı qələbəsilə yekunlaşıb. “Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu oktyabrın 27-də Serbiyanın “Loznika Qrad” klubuna qarşı keçirəcək.

Xəbər 185 dəfə oxundu.