İspaniya hüquq firması İran millisini dünya çempionatından kənarlaşdırmağa çağırıb
Valensiya hüquq firması “Ruiz-Huerta & Crespo”nun idman departamentinin direktoru və idman hüququ mütəxəssisi Xuan de Dios Krespo FIFA-ya rəsmi məktub göndərərək İran millisinin Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasına çağırıb.

Hüquq firmasının məktubunda İranın öz xalqına, xüsusən də qadınlara qarşı qəddarlığı kritik nöqtəyə çatdığı qeyd olunub.

Xuan de Dios Kresponın sözlərinə görə, petisiyaya bir qrup iranlı idmançı da (keçmiş futbolçular, cüdoçular, karateçilər) qoşulub. Onlar İranda baş verən son faciəli hadisələr və son həftələrdə davamlı qadın ölümləri səbəbindən ölkələrinin dünya çempionatından kənarlaşdırılmasını tələb ediblər.

“Ruiz-Huerta & Crespo”ya görə, FIFA-nın nizamnaməsində insan hüquqları, bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı öhdəlik var. FIFA hələlik şikayətə münasibət bildirməyib.

FIFA bundan imtina edərsə, ispan hüquq firması 1992-ci ildə Yuqoslaviyanı Avropa çempionatından kənarlaşdırdığı qaydada eyni sanksıyaları İrana qarşı da tələb edərək onu gələcək yarışlardan uzaqlaşdırmaq üçün addımlar atacaq.

İranın iştirakını yalnız FIFA ləğv edə bilər və “Ruiz-Huerta & Crespo” sanksiyalar üçün rəsmi müraciət edən yeganə hüquq firmasıdır.

Xəbər 260 dəfə oxundu.