Ramiz Çovdarov: Zədəli futzalçıların olması işimizi axsadır
Məşqlərə başlamışam, komandanın Mostardakı hazırlıq prosesinə də qoşuldum. Amma tam hazır olduğumu deyə bilmərəm. Zədəm tam sağalmayıb. Çalışacağam oyunlarda komandama kömək edim, lakin bu matçlarda iştirak etmək mənim üçün bir qədər riskli ola bilər. Baş məşqçi vəziyyəti bilir, meydana nə vaxt daxil olacağımla, neçə dəqiqə oynayacağımla bağlı o qərar verəcək.

Bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” klubunun futzalçısı Ramiz Çovdarov deyib.

Futzalçı bildirib ki, zədəli oyunçuların olması işimizi axsadır. Mən də daxil olmaqla 4 futzalçı zədəlidir. Zədəlilərdən kimlərin oynaya biləcəyi hələ məlum deyil. Bu oyun ərəfəsində müəyyənləşəcək. Atmosferi korlayan da bu məqamdır. İstənilən halda, mübarizə aparacağıq. Əlbəttə, məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

“Orebro” haqda geniş məlumata malik deyiləm. Baş məşqçi komandaya rəqibin oyununu göstərib, söhbət edib. Həmin yığıncaqda fizioterapevt yanında olduğuma görə, iştirak edə bilməmişəm. Yəqin ki, oyun öncəsi yenidən bunu edəcək, necə oynamalı olduğumuzu deyəcək. Ancaq kimliyindən asılı olmayaraq, istənilən rəqibə hörmətlə yanaşmalı, gücünü kiçiltməməliyik”, - deyə R.Çovdarov əlavə edib.

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında Serbiyanın “Loznika Qrad”, Bosniya və Herseqovinanın “Mostar” və İsveçin “Orebro” komandası ilə birlikdə beşinci qrupda mübarizə aparacaq. Qrup oyunları Bosniya və Herseqovinanın Mostar şəhərində keçiriləcək. “Araz-Naxçıvan" oktyabrın 26-da “Orebro”, bir gün sonra “Loznika Qrad”, ayın 29-da isə yerli “Mostar” komandası ilə üz-üzə gələcək.

Xəbər 238 dəfə oxundu.