Ağırlıqqaldıranımız Əli Şükürlü Avropa birinciliyinin bürünc medalını qazanıb
Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Atletlərimizdən Əli Şükürlü və Rəhman Kazımov yaşı 20-dək olan idmançılar arasında 109 kiloqram çəki dərəcəsində yarışıblar.

R.Kazımov birdən qaldırma hərəkətində 141 kiloqramla 9-cu, təkanla qaldırma hərəkətində 190 kiloqramla dördüncü, toplam 331 kiloqram (141+190) nəticə ilə yekun sıralamada yeddinci yeri tutub.

Ə.Şükürlü isə birdən qaldırma hərəkətində 161 kiloqramı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. İdmançımız təkanla qaldırma hərəkətində 189 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə altıncı pillədə qərarlaşıb. Toplam 350 kiloqram (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, yığma komandamız Avropa birinciliyini toplam 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Xəbər 300 dəfə oxundu.