Vətən müharibəsi şəhidi Murad Məmmədovun xatirəsinə həsr edilmiş voleybol turniri keçirilib
45 nömrəli tam orta məktəbin idman zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş tələbə qızlar arasında voleybol üzrə turnir keçirilib.

Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid Murad Məmmədovun atası İlham Məmmədov, şəhid, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, fəal gənclər və tələbə qızlardan ibarət komandalar iştirak ediblər.

Turnirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, Qərbi Kaspi Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin və 7 nömrəli Peşə Liseyinin komandaları iştirak ediblər.

Turnirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinci olub. Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilk üçlükdə yer alıblar.

Turnirin sonunda qalib və iştirakçı komandalara müvafiq dərəcəli diplom və medallar, şəhid Murad Məmmədovun atasına isə turnirin xatirə diplomu və Azərbaycan Bayrağı təqdim edilib.

Xəbər 429 dəfə oxundu.