Bu gün Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək
Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi “Zəfər yürüşü” triatlon turniri keçiriləcək.

Turnir çərçivəsində triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış), duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları təşkil ediləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.

Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növləri üzrə ustad dərsləri də təşkil olunacaq.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, azad edilmiş ərazilərimizdə isə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir.

Xəbər 237 dəfə oxundu.