Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Seulda Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Seulda keçirilən 26-cı Baş Assambleyasında iştirak ediblər.

Assambleyada Cənubi Koreyanın prezidenti Yoon Sok Yol, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və BOK-un rəsmi nümayəndələri çıxış ediblər.

ANOC-un İcraiyyə Şurasının iclasında Milli Olimpiya Komitələrinin maraqlarını qorumaq və inkişaf etdirmək, Olimpiya dəyərlərinin bütün dünyada təbliği missiyasını dəstəkləmək üçün cavabdeh olan assosiasiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Görüş çərçivəsində, “World 2023 ANOC Beach Games” oyunları ilə bağlı da məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 19-u və 20-də assosiasiya özünün və işçi qrupların fəaliyyəti ilə bağlı əsas məsələlər barədə hesabat verəcək. Əlavə olaraq, yay və qış olimpiadalarının təşkilat komitələri tərəfindən hazırlıqla bağlı brifinqlər keçiriləcək.

Oktyabrın 20-də Baş Assambleyanın ikinci günündə ANOC-un prezidenti seçiləcək. Rəsmi olaraq prezident seçiləcək şəxs, həm də Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətində yer alacaq.

Xəbər 194 dəfə oxundu.