Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Kişi boksçular arasında təşkil olunan Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Boks Mərkəzində baş tutan tədbirdən əvvəl çempion və veteran boksçuların Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olub.

Görüşdə tanınmış idmançılar karyeraları ilə bağlı məlumat verib, çempionatın fəxri qonaqlarını maraqlandıran sualları cavablandırıblar.

Sonra çempionatın açılış mərasiminə start verilib. Azarkeşlərin alqış sədaları ilə öncə komandalar, ardınca çempion və veteran boksçular Vətən müharibəsi şəhidlərinin övladları ilə birgə paraddan keçiblər. Azərbaycan Boks Federasiyasının (ABF) tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı şəhid övladlarına hədiyyələr təqdim edib.

Azərbaycan bayrağı qaldırıldıqdan sonra hakimlər zala daxil olub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirli çıxış edərək bildirib ki, ölkəmizdə idmanın bütün növlərinə olduğu kimi, boksa da dövlət qayğısı göstərilir: “Hər bir yığmaya, hər bir idmançıya xüsusi diqqət ayrılır. Azərbaycanın bu gün dünyanın idman mərkəzinə çevrildiyini fəxrlə deyə bilərəm. Paytaxtımız Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışlara ev sahibliyi edib. Bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, onun davamçısı, Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində reallaşıb”.

Vüsal Nəsirli vurğulayıb ki, bu dəfə titulundan asılı olmayaraq bütün boksçular çempionatda iştirak edəcəklər. Onun sözlərinə görə, son yarışda 29 komandadan 100 boksçu iştirak edirdisə, bu dəfə 38 komandanın 146 idmançı mübarizə aparacaq: “Ümid edirik ki, ən güclülərdən formalaşacaq yığma Paris Yay Olimpiya Oyunlarında ölkəmizə bu idman növündə ilk Olimpiya qızılını qazandıracaq”.

Müstəqilliyin Bərpası Günü münasibəti ilə iştirakçıları və qonaqları təbrik edən V.Nəsirli iki il öncə bugünkü tarixdə Xudafərin körpüsünün işğaldan azad olunduğunu xatırladıb. O qeyd edib ki, bu Qələbəni Vətən müharibəsinin böyük qələbəsini bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna, şəhidlərimizə borcluyuq: “Açılış mərasimində iştirak edən şəhidlərimizin övladlarına valideynlərinin bizə qoyduğu mirası layiqincə qorumağı arzulayıram”.

Daha sonra hakimlər adından Eltac Cəbiyev döyüşlərin ədalətli keçəcəyinə and içib. Ardınca ABF-nin vitse-prezidenti yarışı açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən çempionat oktyabrın 25-də yekunlaşacaq.

Xəbər 349 dəfə oxundu.