FHN-in kikboksçuları xatirə turnirində uğurlu nəticələrə imza atıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) kikboksinq üzrə kişilərdən ibarət yığma komandasının üzvləri ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər, yeniyetmələr və böyüklər arasında açıq turnirdə yüksək nəticələr əldə ediblər.

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 33 komandadan 200-ə yaxın idmançı iştirak edib.

Kikboksinqin “low kick” növündə Eyvaz Əliyev (67 kq), İdman-Sağlamlıq Klubunun əməkdaşı, çavuş Hüseyn Mirzəyev (86 kq) və FHN Akademiyasının kursantı İlqar Zeynallı (86 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər.

Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal və diplomları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda uğur qazanmış idmançılar respublika çempionatında çıxış edəcəklər.

Xəbər 298 dəfə oxundu.