Hakimlər üçün “Stresin idarə olunması” mövzusunda təlim keçirilib
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri üçün “Stresin idarə olunması” mövzusunda təlim təşkil edilib.

Təlimin əsas məqsədi beynəlxalq və yerli yarışlarda iştirak edən hakimlərin yarışöncəsi psixoloji hazırlıq səviyyəsinin artırılması və yarış zamanı yaranan çətin vəziyyətlərin idarə olunması, emosional proseslərin, operativ qərarvermə çətinlikləri ilə bağlı yaranan stressli vəziyyətləri idarəetmə bacarıqlarının artırılması, həmçinin bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsidir.

Peşəkar psixoloq Zümrüd Əkbərova tərəfindən keçirilən təlimdə idman yarışlarında hakimlərin psixoloji hazırlığının vacibliyi haqqında ətraflı məlumat verilib. Hakimlərin psixi sağlamlıqlarına nəzarət və yaxşılaşdırma imkanları müzakirə edilib. Seminar zamanı iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar belə seminarların keçirilməsi nəzərdə tutulub.

Xəbər 257 dəfə oxundu.