Ramal Aslanov: İtaliyada keçirilmiş uşaq, yeniyetmə və gənclərin dünya çempionatı bizim üçün uğurlu keçib
İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatı bizim üçün çox uğurlu keçib. Bu il mötəbər yarışdakı nəticə ötən ilkindən daha yaxşı olub.

Bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinə açıqlamasında həmin qurumun birinci vitse-prezidenti Ramal Aslanov deyib.

“Kikboksinqin Azərbaycanda inkişafı göz qabağındadır. Ötən il Monteneqrodakı yeniyetmə və gənclərin Avropa çempionatında rekord sayda medal qazanmışdıq. Bu il o nəticəni yenilədik. Dünya çempionatı daha mötəbər yarışdır. Bu yarışda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazandıq. Həmin nəticə yalnız idmançı və məşqçilərin deyil, həm də federasiyanın fəxri prezidenti Adil Əliyevin əziyyətinin bəhrəsidir. O bu yaxınlarda dünya çempionatında nəticə verən idmançıları qəbul edib və məşqçiləri təbrik edib. Federasiyanın prezidenti Orxan Əliyevin maddi və mənəvi dəstəyi, idmançılarla maraqlanması bu nəticələrin qazanılmasında böyük rol oynayıb. O, ötən il dünya çempionu olmuş Anar Məmmədova federasiya adından avtomobil hədiyyə edib. Bu da gənc idmançılara motivasiya verir. Onlar da Ramal Aslanov, Anar Məmmədov kimi böyüklər arasında keçirilən yarışda dünya çempionu olaraq mükafat qazanmaq istəyirlər. Kikboksinqdə 10 mindən çox idmançının olması bu idman növünün Azərbaycanda populyarlığının göstəricisidir", - Ramal Aslanov əlavə edib.

R.Aslanov bildirib ki, gənclər arasında dünya çempionlarından bəzilərinin gələn ay Türkiyədə keçiriləcək böyüklərin Avropa çempionatına aparılması da nəzərdə tutulub.

"Perspektivli gənclərimiz çoxdur. Biz orada kikboksinqin yeni ulduzlarını da gördük. Həmin idmançılardan bəzilərini noyabrın 11-20-də Antalyada keçiriləcək böyüklərin Avropa çempionatına aparmaq istəyirik. Bunun üçün ayın sonlarında onlar da seçimlərə qatılacaqlar. Gənclər arasında dünya çempionlarının böyüklər arasındakı qitə çempionatında nəticə verəcəyinə inanıram".

AKF-nin birinci vitse-prezidenti qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin təşkil olunacaq yarışlarda da kikboksinqin təmsil olunması nəzərdə tutulur: Kikboksinq yalnız Azərbaycanda yox, dünyada inkişaf etməkdədir.

2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarından sonra 2030-cu ildə oxşar yarış üçün kikboksinqin də proqrama salınması müzakirə olunacaq.

Bu barədə oktyabrın 3-də İtaliyada keçirilmiş WAKO-nun Baş Assambleyasında məlumat verildi. Həmçinin 2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Olimpiadada da kikboksinq proqrama salına bilər".

Xəbər 268 dəfə oxundu.