Yığmamızın üzvü: Dünya çempionatının seçmə mərhələsində asan oyun olmur
Dünya çempionatının seçmə mərhələsində asan oyun olmur. Yunanıstanla Afinadakı görüşün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz ilk oyunda uduzmuşdu, bu dəfə isə doğma meydanda çıxış edirdi. Yaxşı oynadıq, nəticə də istədiyimiz kimi alındı. Amma 7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlmir. Çünki rəqib təslim olmaq istəmirdi, sona qədər mübarizə apardı.

Bu sözləri dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində səfərdə Yunanıstan yığmasını məğlub edən futzal üzrə Azərbaycan millisinin üzvü Felipinyo matçdan sonra deyib.

Futzalçı bildirib ki, Polşa millisi ilə matçda komandaya kömək edə bilməyib. “Əlbəttə, komanda yoldaşlarını kənardan izləmək çox çətin idi. Polşa da qrupumuzda əsas rəqibimizdir. İstəyirdim ki, çox kömək edim. Amma qırmızı vərəqə almağım bu görüşü buraxmağıma səbəb oldu. Ümumiyyətlə, çalışıram vərəqələrdən qaçım, amma buna hər dəfə nail olmaq mümkün olmur. Aqressiv oyunçuyam. Bu xarakterimdən irəli gəlir. Təbii ki, heç kim vərəqə alıb, cəzalı vəziyyətə düşməyi istəməz”, - deyə millimizin üzvü qeyd edib.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu millimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan yığması isə sonuncudur.

Xəbər 265 dəfə oxundu.