Sabah Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşəcək
Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində, “Festhalle” sərgi mərkəzində “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq.

UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb.

Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. VI səbətdəki komandalar onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa “Avro-2024”ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə Avropa çempionatının seçmə mərhələsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;

1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;

2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;

3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;

4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;

5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;

6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.

Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.

Xəbər 222 dəfə oxundu.