İspaniya, Portuqaliya və Ukrayna 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciət edəcəklər
İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Ukraynanı da daxil edib.

Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

İspaniya Kral Futbol Federasiyasının prezidentləri Luis Rubiales və onun portuqaliyalı həmkarı Fernando Qomeş oktyabrın 5-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında mətbuat konfransı keçirəcəklər.

Britaniya nəşrinin məlumatına görə, İspaniyanın baş naziri Pedro Sançes və Portuqaliyanın baş naziri Antoniu Koşta Ukrayna prezidenti Vladimir Zelenski ilə qruplardan birinin oyunlarının Ukrayna ərazisində keçirilməsi barədə razılığa gəliblər. 2030-cu il dünya çempionatının keçirilməsi yalnız o halda mümkün olacaq ki, Ukrayna tərəfi turnirə ev sahibliyi edəcək şəhərlərin infrastrukturunu vaxtında bərpa etsin.

Bununla belə, çempionatın əsas çəkisi İspaniya və Portuqaliya arasında bölüşdürüləcək. Portuqaliyanın üç, İspaniyanın isə on bir stadionu olacaq.

On il əvvəl - 2012-ci ildə Ukrayna Polşa ilə birlikdə Avropa çempionatına ev sahibliyi edib.

Misir-Səudiyyə Ərəbistanı-Yunanıstan və Uruqvay-Argentina-Çili-Paraqvay da 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizələr təqdim edəcək.

Xəbər 212 dəfə oxundu.