Bursanın ev sahibliyi etdiyi IV Dünya Köçəri Oyunları başa çatıb
Türkiyənin Bursa vilayətinin İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən IV Dünya Köçəri Oyunları başa çatıb. Azərbaycan bu oyunlarda geniş tərkibli idmançı kontingenti və ölkəmizin tarixini və mədəniyyətini tərənnüm edən çadırlarla təmsil olunub.

Dörd gün ərzində 13 idman növü üzrə 102 ölkədən 3 mindən yuxarı idmançı çempionluq uğrunda mübarizə aparıb.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Bursa valisi Yakup Canbolat, Bursa Büyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan və digər rəsmi şəxslər bağlanış mərasimində iştirak ediblər.

İznik gölünün sahillərində salınmış idman kəndində çempionluq mübarizəsi ilə bərabər xalqların və ölkələrin milli mədəniyyət nümunələrinin təbliği üçün şərait yaradılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olan IV Dünya Köçəri Oyunlarının keçirildiyi kənd dörd gün ərzində təxminən bir milyon nəfər tərəfindən ziyarət olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən qurulan çadır, eləcə də TÜRKSOY çadırındakı və TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı) bölməsində ölkəmizə aid hissələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmi açılışında, oyunlar çərçivəsində olduğu kimi IV Dünya Köçəri Oyunlarının bağlanışı da təntənəli bədii proqramla həyata keçirilib.

Xəbər 225 dəfə oxundu.