Azərbaycan millisinin daha üç idmançısı Avropa birinciliyinin dörddəbir finalına yüksəlib
İtaliyanın Montesilvano şəhərində boksçular arasında Avropa birinciliyində səkkizdəbir final mərhələsinə yekun vurulub. Azərbaycan millisinin daha üç idmançısı bu mərhələdə qələbə qazanaraq, dörddəbir finala vəsiqə qazanıblar.

Milli üzvlərindən Məhəmmədəli Aşurəliyev (54 kq) Armandas Kreqzde (Litva) ilə qarşılaşıb. Gərgin keçən döyüşdə boksçumuz rəqibini 4:1 hesablı ilə məğlub edib. O, yarımfinala gedən yolda Artur Avetikyanla (Ermənistan) üz-üzə gələcək.

Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə də adını dörddəbir finala yazdırıb. Boksçumuz buna Nik Smirnova (Almaniya) 5:0 hesabı ilə qalib gəlməklə nail olub. O, növbəti görüşünü Kallum Karragerə (İrlandiya) qarşı keçirəcək.

Ziya Həsənov (66 kq) isə qələbəni vaxtından əvvəl təmin edib. O, Stefan Ananyevi (Estoniya) ikinci raundda tam üstünlüklə məğlub edib. Z.Həsənov dörddəbir finalda Pavel Urbanskini (Polşa) sınağa çəkəcək.

Bununla da, Avropa birinciliyində dörddəbir finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Üç idmançımızdan başqa, Faiq Mollayev (46 kq), Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) da yarımfinal uğrunda döyüşəcək.

Qeyd edək ki, yarışda 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı mübarizə aparır. Qız boksçuların dörddəbir final döyüşləri sentyabrın 30-da, oğlanlarda oktyabrın 1-də olacaq.

Xəbər 235 dəfə oxundu.