Olimpiya çempionu Fərid Mansurov Oğuzda gənclərlə görüşüb
“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş Oğuz şəhərində təşkil olunub. Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində yeniyetmə və gənclər Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə edirlər.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov sağlam həyat tərzini təbliğ edən insanların həyat hekayələrini dinləmək yeniyetmə və gənclər üçün fərqli bir təcrübə olduğunu vurğulayıb. Qeyd edib ki, belə tədbirlər gənclərə idmanın sağlamlığa faydalı xüsusiyyətlərini aşılamaqla yanaşı, həm də vətənpərvərlik hissinin formalaşması baxımından da əhəmiyyətlidir.

MOK-un İdman idarəsinin müdiri Həsənağa Rzayev layihənin əsas məqsədi barədə danışıb. O, Olimpiya çempionlarımız ilə yeniyetmə və gənclərin birbaşa ünsiyyətini təşkil etməklə onlar arasında zərərli vərdişlərə qarşı təbliğatı gücləndirmək, cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə Olimpiya prinsip və dəyərlərinin təbliğ etmək məqsədilə keçirilən bu silsilə tədbirin bölgələrdə böyük maraqla qarşılandığını vurğulayıb.

Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Oğuz Rayon İcra Hakimiyyətinin başçısı E.Qurbanova təqdim edib. Daha sonra “Afina-2004” Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Olimpiya çempionu F.Mansurova həsr olunan “Cəngavər” filmi izlənilib.

Olimpiya çempionu görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Oğuz Mədəniyyət Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə MOK sertifikatları təqdim olunub.

Layihə MOK, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər 265 dəfə oxundu.