“İdman həyatdır” adlı airbadminton turniri keçirilib
Sentyabrın 23-də Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində açıq havada “İdman həyatdır” adlı airbadminton turniri keçirilib.

Belə tədbirlərin keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində məhkumların və tabe hərbi qurumlarda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, əxlaqi və fiziki vəziyyətlərinin qorunub saxlanılması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, habelə məhkumların badminton vasitəsilə cəmiyyətə inteqrasiyası, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpası, sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

Turnirdə birinci, ikinci və üçüncü yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisələrində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Turnir Azərbaycan Badminton Federasiyasının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası və Penitensiar Xidmət arasında imzalanan tədbirlər planına əsasən bu ilin sonuna kimi müxtəlif cəzaçəkmə müəssisələrində badminton turnirlərin keçirilməsi nəzərdə tutulub.

İlk olaraq avqustun 5-də Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində olan yeniyetmələr arasında “İdman həyatdır” adlı badminton turniri təşkil olunub.

Qeyd olunub ki, Azərbaycan Badminton Federasiyası tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə badminton ləvazimatları verilib, müəssisələrin idman zallarında badminton dərnəklərinin müvafiq maddi-texniki təchizatla təmin olunması nəzərdə tutulub.

Xəbər 325 dəfə oxundu.