Şose velosipedi üzrə yığma komandamızın üzvü dünya çempionatında mübarizəyə başlayıb
Sentyabrın 20-də oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov Avstraliya İttifaqında keçirilən şose velosipedi üzrə dünya çempionatında mübarizəyə başlayıb.

Velosipedçimiz Vollonqonq şəhərində keçirilən çempionatın ilk mərhələsində gənclər arasında fərdi ötüşmə növü üzrə yarışda iştirak edib.

Əlli iki velosipedçinin qatıldığı bu mərhələdə idmançılar 28.8 kilometr məsafə qət ediblər. K.Mirzəxanov 40 dəqiqə 3 saniyə nəticə ilə 46-cı yerdə qərarlaşıb.

Bu mərhələnin qalibi isə 34 dəqiqə 59 saniyə nəticə ilə Böyük Britaniya velosipedçisi Tarlinq Joşua olub.

Qeyd edək ki, K.Mirzəxanov sentyabrın 23-də dünya çempionatının ikinci mərhələsində iştirak edəcək. İdmançımız bu mərhələdə qrup ötüşməsi növü üzrə yarışda mübarizə aparacaq.

Xatırladaq ki, milli komandamızın üzvü dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” klubunun tərkibində 40 günlük təlim-məşq toplanışı keçib, bu komandanın heyətində bir çox yerli və beynəlxalq yarışlarda uğurla iştirak edib. 18 yaşlı velosipedçimiz dünya çempionatına birbaşa Belçikadan yollanıb.

İdmançımıza dəstək olmaq və bir sıra tədbirlərdə iştirak etmək üçün Azərbaycan Velosiped Federasiyasının nümayəndə heyəti də Avstraliya İttifaqındadır.

Xəbər 365 dəfə oxundu.