Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı təşkil olunacaq
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi ikinci dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.

Açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.

Oktyabrın 1-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Qeyd edək ki, nazirlik ilk dəfə açıq suda üzmə yarışını “Xəzər dalğası” adı altında təşkil etmişdi. Bu dəfə yarış Mingəçevir şəhərində, Kür çayında peşəkarlar və həvəskarlar arasında təşkil ediləcək.

Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün heç bir ödəniş tələb olunmur. Yerlər məhduddur və iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq. Yarışa qoşulmaq üçün sentyabrın 29-dək elan@mys.gov.az elektron poçtuna ad, soyad, ata adı, təvəllüd, əlaqə telefonu, şəxsiyyət vəsiqəsi (PDF və ya JPEG formatında) göndərmək tələb olunur.

Xəbər 311 dəfə oxundu.