Azərbaycanın stronqmen idmançıları Avropa çempionatında 3 medal qazanıblar
Azərbaycan idmançıları “Arnold Classic Europe-2022” festivalı çərçivəsində təşkil olunan stronqmen üzrə Avropa çempionatında uğurla çıxış etdilər. Yarış gərgin mübarizə şəraitində keçdi və iştirakçılar yetərincə güclü idilər.

Bu sözləri müsahibəsində Azərbaycan Stronqmen Federasiyasının bölmə rəhbəri Rövşən Xəlilov deyib.

Çempionatda gücünü sınadığını və mükafatçılar sırasına düşə bilmədiyini deyən R.Xəlilov milli komandamızın medal hesabını yarışın ikinci günündə açdığını bildirib: “Sentyabrın 17-də Nicat Hüseynov (95 kq) və Aydın Hümbətov (+110 kq) çoxnövçülük yarışlarında mübarizəyə qoşuldular. Ümumiyyətlə, yarışa dünyanın ən güclü stronqmen idmançıları qatılmışdı və rəqabət çox böyük idi. Əzmkarlıq nümayiş etdirən A.Hümbətov gümüş medal qazandı. N.Hüseynov isə yarışı 10-cu pillədə başa vurdu”.

“Çempionatın sonuncu günü – sentyabrın 18-i millimiz üçün daha uğurlu oldu. Stronqmen idman növünün məşhur hərəkətləri hesab olunan maşındartma və ağır daşların qaldırılması yarışlarında çıxış edən təmsilçilərimiz fəxri kürsüdə yer almağı bacardılar. Belə ki, N.Hüseynov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. A.Hümbətov isə çempionatda ikinci gümüş medalını qazandı”, - deyə R.Xəlilov əlavə edib.

İdmançılarımız qazandıqları medalları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən hərbçilərə həsr ediblər.

Xəbər 203 dəfə oxundu.