Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayırlar
Azərbaycanın 4 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Cempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov təsnifat mərhələsində Temulen Enktuya (Monqolustan) ilə üz-üzə gələcək.

Əşrəf Aşırov (79 kq) 1/16 finalda Erik Reinbokla (Estoniya) görüşəcək. Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində ukraynalı Həsən Zəkəriyevlə, Aydın Əhmədov (125 kq) isə Çin idmançısı Den Çjiveylə qarşılaşacaq.

Bu gün, həmçinin qadın güləşçimiz Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşünə çıxacaq. Onun rəqibi Georgieva Nikolova (Bolqarıstan) - Alina Akobia (Ukrayna) cütünün qalibi ilə olacaq.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıblar. Yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Xəbər 233 dəfə oxundu.