Antuan Kombuare: “Qarabağ” klubu avrokuboklarda böyük təcrübəyə malikdir
Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasının qonağı olacaq Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare matçdan əvvəl keçirilən mətbuat konfransında deyib.

“Qarabağ”ın əvvəlki matçlarını izlədiyini bildirən baş məşqçi vurğulayıb ki, rəqibin avrokuboklarda böyük təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq.

“Yorğunluq komanda üçün bəhanə olmayacaq. Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü ortaya qoymalıyıq”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Xəbər 260 dəfə oxundu.